Vahram Atanesyanın məqaləsində isə “Dağlıq Qarabağ məsələsinin beynəlxalq hüquqi müstəvidə yenidən qaldırılması” kimi ideyalar ortaya atılır ki, bu, əslində, separatçılığın davamlı olaraq legitimləşdirilməsinə yönəlmiş cəhddir. Bu yanaşma yalnız imzalanmış razılaşmalara zidd deyil, həm də Ermənistanın beynəlxalq hüquq qarşısında götürdüyü öhdəliklərin pozulması deməkdir. BMT Nizamnaməsi, 1970-ci il “Dostluq münasibətləri prinsipləri haqqında” BMT Baş Assambleyasının bəyannaməsi, 1975-ci il Helsink Yekun Aktı və 1991-ci il Alma-Ata Bəyannaməsi açıq şəkildə dövlətlərin sərhədlərinin toxunulmazlığını və ərazi bütövlüyünü əsas prinsip kimi təsbit edir. Ermənistan bu sənədlərin iştirakçısı kimi Azərbaycanın Qarabağ bölgəsinin ayrıca “müstəqil subyekt” kimi tanıdılması istiqamətində istənilən fəaliyyətdən imtina etməlidir.
Tarixi baxımdan da Atanesyanın iddiaları əsassızdır. 1991-ci ilin dekabrında Alma-Ata Bəyannaməsini imzalayan Ermənistan, həmin vaxtkı inzibati sərhədlər çərçivəsində Azərbaycanın bütövlüyünü qəbul edib. 2017-ci ildə qondarma “Dağlıq Qarabağ Respublikası”nın adının “Artsax Respublikası” ilə əvəzlənməsi və yeni “konstitusiya” qəbul edilməsi isə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünə meydan oxumaq idi. Bu addım münaqişənin həllini çətinləşdirən, sülh imkanlarını məhdudlaşdıran və Ermənistanın beynəlxalq öhdəliklərinə zidd olan bir akt kimi tarixə düşüb. İndi Atanesyan həmin separatçı gündəmin yenidən dirçəldilməsi ideyasını irəli sürməklə əslində müharibə riskini artıran, regionun sabitliyinə təhlükə yaradan bir xətti müdafiə edir.
Siyasi aspektdən isə bu cür yazılar Ermənistan hakimiyyətinin media üzərindən koordinasiya olunmuş informasiya kampaniyası aparması ehtimalını gücləndirir. “1in.am” kimi geniş oxucu auditoriyasına malik platformada belə məqalənin yayımlanması təsadüfi sayıla bilməz. Bu, ya birbaşa siyasi sifarişin nəticəsidir, ya da hökumətin ən azı səssiz razılığı ilə aparılan təbliğatdır. Bu halda Ermənistan hökuməti ya açıq, ya da dolayı yolla separatçı narrativin yayılmasına dəstək verir ki, bu da Vaşinqton sazişinin mahiyyətini və öhdəliklərini pozmaq anlamına gəlir.
Azərbaycan üçün bu cür məqalələr, xüsusilə də tanınmış erməni siyasi şərhçilərinin imzası ilə, beynəlxalq tərəfdaşlara çatdırılmalı ciddi siqnaldır. Bu, Ermənistanın sülh prosesinə səmimi yanaşmadığını, separatçılıq ideyasından tam imtina etmədiyini və cəmiyyətini bu istiqamətdə manipulyasiya etməyə davam etdiyini göstərir. Bu səbəbdən Azərbaycan həm diplomatik kanallarda, həm də beynəlxalq media vasitəsilə bu mövzunu gündəmdə saxlamalı, Ermənistanın öhdəliklərinə əməl etməsini israrla tələb etməlidir.
Nəticə etibarilə, “1in.am” saytında yayımlanan Vahram Atanesyanın məqaləsi təkcə Azərbaycanın ərazi bütövlüyünə qarşı informasiya hücumu deyil, həm də regionda sülhün bərqərar olmasına yönəlmiş beynəlxalq səylərə qarşı təxribatdır. Ermənistan bu cür təbliğata son qoymalı, separatçılığı dəstəkləyən şəxsləri və media qurumlarını məsuliyyətə cəlb etməli, öz üzərinə götürdüyü beynəlxalq hüquqi öhdəliklərə əməl etməlidir. Əks halda, Ermənistan həm diplomatik təcrid riskini artıracaq, həm də gələcək sülh sazişinin həyata keçirilməsini sual altına qoyacaq.
Baş redaktor Şahin Qocayev
Ordu.az